Harri Keyn “Real”a keçmək istəyir

Tottenhem”in hücumçusu Harri Keyn karyerasını Madrid “Real”ında davam etdirmək istəyində olduğunu komanda yoldaşları ilə paylaşıb.

Arena.az xəbər verir ki, bu barədə jurnalist-insayder Xulio Suares “El Chiringuito” telekanalının efirində məlumat verib.

İngiltərə yığmasının üzvü “Real”a keçmək istəyini “Tottenhem”in futbolçularına paltardəyişmə otağında şəxsən özü deyib.

30 yaşlı hücumçu “Tottenhem”in yetirməsidir. Onun London klubu ilə cari müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 2009-cu ildən “Tottenhem”də çıxış edən Keyn karyerasının əvvəlində icarə əsasında “Leyton Orient”, “Milluoll”, “Norviç Siti” və “Lester Siti”də çıxış edib.

“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyunda meydana çıxaraq 32 qol vurub, 5 məhsuldar ötürmə ilə fərqlənib.