Harri Keyn Stiven Cerrardın rekordunu qırdı

Almaniya çempionu “Bayern”in ingilis hücumçusu Harri Keyn futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard ötən gecə ÇL-in yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda bir qol vurub.

Bununla da Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol müəllifi olub. O, əvvəlki beş Çempionlar Liqası matçında – “Union”, PSV, “Atalanta” və “Real”la (həm ilk, həm də cavab oyununda) görüşlərdə də fərqlənmişdi. Nəticədə Keyn sözügedən turnirdə ingiltərəli futbolçular arasında yeni rekord müəyyənləşdirib.

Keyn son 6 matçda 8 qol vurmaqla 2008-ci ildə ardıcıl beş oyunda fərqlənmiş həmyerlisi Stiven Cerrardın da rekordunu qırıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 46 oyuna çıxıb, 54 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 142 oyun, 139 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: