Almaniya Bundesliqasının 7-ci turunda “Ştutqart”la ev oyunu “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, buna qədər ardıcıl son üç oyunda qol susqunluğu yaşamış Keyn bu görüşdə komandasının qələbəsinə het-triklə töhfəsini verib.
İngilis hücumçu uğurunu şərh edib:
“Hücumçunun elə məqamları olur ki, toxunduğu hər şey qapıya gedir. Qol vurmayanda isə həmişə çox söz-söhbətlər baş qaldırır. Bu, hücumçu həyatının bir hissəsidir. Mən həmişə özümə və komanda yoldaşlarıma inanıram”.
“Bayern”in baş məşqçisi Vensan Kompani də ingilis hücumçunun qolçuluq bacarığı haqda fikrini bildirib:
“Düzünü desəm, Harrinin ötən oyunlarda qol vurub-vurmadığı barədə bir saniyə belə düşünməmişdim. Onun hansı keyfiyyətlərə malik olduğuna bələdəm. Keyn hətta məşqdə belə, qollar üçün həmişə hərisdir. Bəzən Harrinin komanda üçün nə qədər çalışdığı unudulur. O, həmişə qollar vurub və vuracaq. Bu, dəyişməyəcək”.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 10 oyuna çıxıb, 13 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 55 oyun, 57 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 101 oyuna 68 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.


