Harri Keyn üçün “Real”dan “Tottenhem”ə fantastik təklif

Real” Kərim Benzemanın “Əl-İttihad”a yollanmasından sonra hücum xəttini “Tottenhem”in forvardı Harri Keyn ilə gücləndirmək istəyir.

Arena.az “Marca”nın jurnalist-insayderi Ramon Alvares de Monaya istinadən xəbər verir ki, Madrid təmsilçisi xeyli müddətdir İngiltərə yığmasının hücumçusunu hədəfə alıb.

Paytaxt klubu daha əvvəl transferin 80 milyon avroya başa gələ biləcəyini təxmin etsə də, indi bu məbləğə daha 20 milyon bonus əlavə etməyə hazır olduğunu bildirib.

Amma bu fantastik təklifin də “Tottenhem”i qane etməyəcəyi təxmin edilir. Şimali London klubunun hücumçusu üçün ilkin olaraq 130 milyon avro tələb edəcəyi güman edilir.

İngilis hücumçu geridə qalmış mövsüm ərzində 49 oyunda komandasının heyətində meydana çıxıb. O, bu oyunlarda 32 qola və 5 məhsuldar ötürməyə imza atıb. Premyer Liqada 30 qol vurmuş Keyn, bombardirlik yarışında yalnız “Mançester Siti”nin 36 qol vurmuş norveçli hücumçusu Erlinq Halandı önə buraxaraq, həm də “Gümüş buts”a layiq görülüb.

Vurğulayaq ki, “Tottenhem” 60 xal toplayaraq Premyer Liqada 8-ci olub və bu, avrokuboklardan kənarda qalmaq deməkdir. “Real” isə geridə qalan mövsümdə La Liqada 78 xalla ikinci yeri tutub.

“Tottenhem”in öz yetirməsi olan Harri Keyn London təmsilçisində indiyə qədər 435 oyun keçirib. O, bu oyunlarda 280 qola imza atıb, 64 asist müəllifi olub. Hücumçu karyerası ərzində “Milluol” (27 oyun, 9 qol, 5 asist), “Leyton Orient” (18 oyun, 5 qol), “Lester Siti” (15 oyun, 2 qol) və “Norviç Siti”də (5 oyun, 1 asist) də forma geyinib.

29 yaşlı futbolçu İngiltərə milli komandasında da 82 oyun keçirib və 55 qola imza atıb.

“Transfermarkt” internet-portalı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.