“Bayern”in ingilis ulduz hücumçusu Harri Keyn münhenlilərin belçikalı baş məşqçisi Vensan Kompaninin güclü tərəflərini açıqlayıb.
Arena.az Almaniya Bundesliqasının rəsmi sayıtna istinadən, ingilis ulduzun müvafiq açıqlamasını təqdim edir:
“Mənə onunla işləmək həqiqətən xoşdur. Kompani əla məşqçidir. O, güclü xasiyyətə malikdir, oyunçuların ifasında meydanda və məşq zamanı nə görmək istədiyini dəqiq başa düşür. O, hər şeyi birbaşa deyir, hamıya eynilə yanaşır – sənin 500 ya bircə oyun oynadığının fərqi yoxdur. Düşünürəm ki, o, oyunçuların hörmətini tamamilə qazanıb. Mən Vensandan müxtəlif fəndləri öyrənmişəm, bəzi taktiki incəlikləri, hansılar ki mənə müəyyən baxışlarda kamil olmağa yardımçı olub”, deyə Harri Keyn vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.
Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 43 oyuna çıxarıb, 31 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət yaşayıb. Topların fərqi isə 117:42 nisbətindədir.
28 turdan sonra “Bayern” 68 xalla Almaniya Bundesliqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. Münhen təmsilçisinin cari mövsümü çempion kimi başa vuracağı demək olar ki, artıq şübhə doğurmur. Bu isə karyerası ərzində heç vaxt titul qazanmamış Harri Keyn üçün uğursuz sindroma son qoymaq imkanı yaradacaq.


