Harri Keyn zədələndi, “Bayern” rəsmi bəyanat yaydı

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn Bundesliqanın 5-ci turu çərçivəsində baş tutan “Bayer”lə oyunda (1:1) zədələnib.

Arena.az məlumat verir ki, “Bayern”in mətbuat xidməti klubun rəsmi saytı üzərindən müvafiq bəyanat dərc edib:

“Bazar günü (sentyabrın 29-da) klubun tibb bölməsi tərəfindən aparılmış müayinə müsbət nəticə göstərib. Keyn müvafiq müalicəsini davam etdirəcək”, – Münhen klubunun açıqlamasında deyilir.

Digər təfərrüat açıqlanmasa da, Keynin “əczaçılar”ın mərakeşli cinah hücumçusu Amin Adli tərəfindən topuq nahiyəsindən ağrılı zərbə aldığı məlumdur. Keyn oyunun 86-cı dəqiqəsində əvəzlənmişdi.

“Bəzən belə bir hərəkətə görə qırmızı vərəqə göstərilir. Mən yaxşıyam, amma topuğum azacıq ağrıyır. Sabah buna baxacaqlar, amma məncə, hər şey qaydasındadır. Hazırda özümü çox da pis hiss etmirəm. Uzun müddətə kənarda qalacağımı düşünmürəm”, – “Goal” dərgisi Keyndən sitat gətirir.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 7 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Keyn 5 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur.
Keyn Almaniya nəhənginin heyətində ümumilikdə 52 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib, 68 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.