“Tottenhem”in və İngiltərə yığmasının hücumçusu Harri Keyn Premyer Liqada qapıya zərbələrin sayına görə lider olub.
Arena.az xəbər verir ki, bu barədə “Opta Sports” statistik internet-portalı məlumat verib.
İngilis hücumçu artıq başa çatan 2022/2023 mövsümündə rəqib qapılarına 130 zərbə vurub.
Bu göstəricidə ikinci “Liverpul”un misirli vingeri Məhəmməd Salahdır (125 zərbə).
36 qolla çempionatın bombardiri olan “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland isə üçüncüdür (123 qol).
29 yaşlı Harri Keyn Premyer Liqanın geridə qalan mövsümündə “Tottenhem”in heyətində 38 oyunda meydana çıxıb, 28 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis hücumçu London təmsilçisində indiyə qədər 435 oyun keçirib. O, bu oyunlarda 280 qola imza atıb, 64 asist müəllifi olub. Hücumçu karyerası ərzində “Milluol” (27 oyun, 9 qol, 5 asist), “Leyton Orient” (18 oyun, 5 qol), “Lester Siti” (15 oyun, 2 qol) və “Norviç Siti”də (5 oyun, 1 asist) də forma geyinib.
Keyn İngiltərə milli komandasında da 82 oyun keçirib və 55 qola imza atıb.
Xatırladaq ki, bir müddət əvvəl Keynin mövsümün sonunda “Tottenhem”i tərk etmək istəyində olması barədə xəbər gündəmə gəlmişdi. Hücumçunun xidmətində “Real”, “Bayern”, “Mançester Yunayted” və PSJ kimi klublar maraqlıdır.