Harri Maquayr bir neçə həftəliyə sıradan çıxdığını açıqladı

Premyer Liqanın 7-ci turunun “Aston Villa” ilə səfər oyunu (0:0) “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, oyunun birinci hissəsində zədələnərək əvəzlənmiş ingilis futbolçu özünün “X” sosial şəbəkə hesabı üzərindən zədələndiyini təsdiqləyib.

O, bir neçə həftə futbolsuz qalacağı ilə bağlı təəssfünü ifadə edib:

“Həftə sonunda aldığım zədəyə görə üzüldüm. Bir neçə həftə meydandan kənarda qalacağam, amma mən daha da güclü qayıdacağam”, deyə Maquayr vurğulayıb.

Harri Maquayr futbola “Bransmir Atletik” klubunda qədəm qoyub, buradan “Barnsli”yə yol tapıb. Maquayrın böyük futbolda debütü “Şeffild Yunayted”də baş tutub.

Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro məbləğ müqabilində “Lester Siti”dən keçib. İngilis müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 9 oyun keçirib, 1 qol vurub. Maquayrın “Mançester Yunayted”də çıxışının ümümi mənzərəsi isə belədir: 215 oyun, 12 qol, 8 məhsuldar ötürmə.

Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023-cü il İngiltərə Liqa Kubokuna və 2024-cü il İngiltərə Kubokuna sahib olub.
Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 64 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.