“Mançester Yunayted”in və İngiltərə yığmasının mərkəz müdafiəçisi Harri Maquayr zədə səbəbindən milli komandanın düşərgəsini tərk edib.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Xatırladaq ki, martın 23-də – şənbə günü Maquayr İngiltərə yığmasının Braziliya millisi ilə yoldaşlıq oyununda (0:1) əsas heyətdə meydana çıxıb. O, zədə səbəbindən bu matçın 67-ci dəqiqəsində Lyuis Dank ilə əvəzlənib. Oyundan sonra Maquayr tibbi müayinədən keçib və müayinin nəticələrinə əsasən, baş məşqçi Qaret Sautqeyt futbolçunu İngiltərə yığmasının növbəti oyun üçün heyətindən kənarlaşdırıb.
Xatırladaq ki, martın 26-da İngiltərə yığması Londonun “Uembli” stadionunda yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasını qəbul edəcək. Harri Keyndən sonra Harri Maquayrın da bu oyunu buraxacağı dəqiqləşib.
Harri Maquayr 2019-cu ilin avqustundan “Mançester Yunayted”də çıxış edib. Müdafiəçi “qırmızı şeytanlar”ın düşərgəsinə 87 milyon avro müqabilində “Lester Siti”dən keçib. Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlar çərçivəsində 24 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi bircə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna sahib olub.
Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.