Hasan Çavuşoğlu yenidən “Alanyaspor”un prezidenti seçildi

Hasan Çavuşoğlu Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubunun növbəti ümumi yığıncağında yenidən prezident seçilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Yığıncağa yeganə namizəd kimi qatılan Çavuşoğlu yenidən prezident seçilib. O, bununla bağlı fikirlərini bölüşüb, həmçinin klubun indiki durumdan söhbət açıb:

“Alanyaspor” gerdə qalmış mövsümdə Super Liqanı 8-ci pillədə bitirdi. Bu komandanın necə ayaqda qaldığını bilmirlər. “Alanyaspor”un sabit gəliri 10 milyondur. Amma buna baxmayaraq, bu klubu amansızcasına tənqid edənlər var. 13 ildir “Alanyaspor”un məsuliyyətini daşıyırıq. Böyük komandalara yetişdirdiyimiz, gətirdiyimiz və satdığımız oyunçularla həyatda qaldıq. Sabit gəlir mənbələri artırılmazsa, yaxşılaşdırılmazsa, gücümüz tükənə bilər. Bu komandanı yalnız 2-ci Liqadan aldıq, 1-ci Liqaya, sonra da Super Liqaya yüksəltdik. Bu gün bizdən 3 qat daha çox xərcləyən klublar aşağı liqaya düşür. Bəziləri isə son matçlarda xilas oldular”.

“Alanyaspor”un şəhərin ən önəmli brendi olduğunu deyən Çavuşoğlu, hər kəsin ən yaxşı şəkildə idarə etməyə çalışdığı kluba dəstək verməli olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, Hasan Çavuşoğlu 2011-ci ilin iyul ayından “Alanyaspor”a prezidentlik edir. Sözügedən komanda Türkiyə Super Liqasının 2023/2024 mövsümündə 38 oyuna topladığı 52 xalla 8-ci yeri tutub.

Alanya təmsilçisi 2016/2017 mövsümündən bəri Türkiyə Super Liqasında çıxış edir. 2019/2020 mövsümündə Türkiyə Kubokunun finalına yüksəlmiş “Alanyaspor” “Trabzonspor”la həlledici oyunda uduzaraq gümüş medallarla kifayətlənib.