“Hatayspor” Super Liqanın bombardirini Qətər klubuna satdı

Türkiyənin “Hatayspor” klubu hücumçusu Aaron Bupendza ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qabonlu forvardın Qətərin “Əl Ərəbi” klubuna transfer olunduğu diqqətə çatdırılıb. Transferin digər detalları açıqlanmasa da, Hatay klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona yeni komandasında uğurlar arzulayıb.

Xatırladaq ki, bir müddət öncə “Hatayspor” Bupendzanın keçidi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə də 8.1 milyon avroluq razılıq əldə etmişdi. Lakin həmin vaxt Bupendza Rusiya təmsilçisinə keçməkdən imtina etdiyi üçün, bu transfer baş tutmamışdı. Ehtimal olunur ki, “Əl Ərəbi” “Krasnodar”la müqayisədə həm kluba, həm də futbolçuya daha yaxşı şərtlər təklif edib.

Aaron Bupendza “Hatayspor”a 2020-ci ilin avqustunda transfer olunmuş və 2 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində ötən mövsüm 36 oyunda vurduğu 22 qolla Super Liqanın bombardiri olmuşdu.

Qabon yığmasında 17 oyuna 4 qol vuran forvard, karyerası ərzində “Feyrense”, “Tur”, “Ayaçço”, “Po”, “Bordo” və “Munana” kimi klubların da formasını geyinib.