“Havr” 6 yaşlı azarkeşə stadionuna girişi qadağan etdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Havr” klubun 6 yaşlı azarkeşinin stadiona gəlməsinə qadağa qoyub.

Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Klubun müvafiq qərarına səbəb uşağın sözəbaxmazlığı olub. Belə ki, “yaramaz” uşaq boş karton stəkanları və kağız topcuqları birlikdə dəcəllik etdiyi dostuna atıb. Bəzi əşyalar tribunadan ot örtüyünün kənarına düşüb. Əşyaların meydandan kənarda olmalarına və heç kimə xətər yetirməmələrinə rəğmən, oyunun nümayəndəsi bu vəziyyəti oyun haqda müvafiq hesabatına daxil edib.

Klubun təhlükəsizlik xidməti bu mənzərənin haradan meydana gəldiyini öyrənmək üçün müşahidə kameralarına baxıb və bu əməli 6 yaşlı uşağın törətdiyini görüb. Nəticədə balaca azarkeşə və valideynlərinə ay yarım müddətinə sevimli komandasının çıxış etdiyi “Stad Osean” stadiona gəlmək qadağan edilib.

13 turdan sonra 12 xal toplamış “Havr” Fransa Liqa 1-in yarış cədvəlində 18 komanda arasında 16-cı yerdə “qapazaltı”dır.

Xəbəri sosial şəbəkələrdə paylaş: