“Haydenhaym” möcüzəvi qələbə ilə Bundesliqaya yüksəldi

Almaniya ikinci Bundesliqasında mövsümü çempion kimi başa vurmağı bacaran “Haydenhaym” əsas Bundesliqaya vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bunu mövsümün sonuncu turunda “Regensburq”la səfər matçındakı 3:2 hesablı əzmkar qələbə sayəsində bacarıb.

Sözügedən matçın ilk hissəsi qolsuz bitib. İkinci hissənin əvvəlində (51 və 57-ci dəqiqələrdə) meydan sahibləri iki ardıcıl qol vurublar. Amma 58-ci dəqiqədə avtoqola sevinən qonaqlar yenidən ümibləniblər. 90+3-cü dəqiqədə penaltidən vurulan qolla hesabı bərabərləşdirən haydenhaymlılar 90+9-da da möcüzəni gerçəkləşdiriblər. Hücumçu Tim Klayndinstin vurduğu qələbə qolu komandasına tarixi nəticəni qazandırıb.

Mövsüm ərzində keçirdiyi 34 oyunda 67 xal toplamış bu komanda həm çempionluğu, həm də Almaniya Bundesliqasına vəsiqəni bayram edib. Halbuki, xal itkisi ilə üzləşəcəyi halda sözügedən kollektiv üçüncü yeri tutmaqla pley-off oyunları keçirmək məcburiyyətində qalacaqdı.

Xatırladaq ki, Almaniya Bundesliqasına ilk vəsiqəni “Darmştadt” komandası qazanmışdı. Bu komandanın hətta mövsümü çempion kimi başa vuracağı ehtimal olunurdu. Amma son turda səfərdə “Qroyter”ə 0:4 hesablı məğlubiyyət və “Haydenhaym”ın möcüzəvi qələbəsi hər şeyi alt-üst edib. Hər iki komanda mövsümü 67 xalla başa vurmasına baxmayaraq, daha yaxşı göstəricilərə malik haydenhaymlılar çempion elan edilib və elitaya birinci yerlə yüksəliblər. “Darmştadt” bunu gümüş medalçı kimi gerçəkləşdirib.

66 xalla üçüncü olan “Hamburq”u isə pley-off oyunları gözləyir. Sözügedən komanda əsas Bundesliqada 33 xalla 18 iştirakçı arasında 16-cı yeri tutmuş “Ştutqart”ı sınağa çəkəcək. Bu komandaların ilk pley-off görüşü iyunun 1-də “Ştutqart”ın, cavab matçı isə ayın 5-də “Hamburq”un meydanında keçiriləcək. Qalib tərəf növbəti mövsümü əsas, məğlub tərəf isə ikinci Bundesliqada keçirəcək.