Futbol üzrə İsrail çempionatında 2022/2023 mövsümünün qalibi “Makkabi” (Hafya) komandası olub. Arena.az xəbər verir ki, çempion sona bir tur qalmış müəyyənləşib.
Qızıl medallar uğrunda mübarizə aparan “Hapoel” (Beer Şeva) 35-ci turda Təl-Əviv “Makkabi”si ilə səfər oyununda darmadağına üzülüb – 0:3. Zirvədə qərarlaşan Hayfa təmsilçisi əsas rəqibinin xal itkisindən maksimum yararlanıb. Sözügedən komanda səfərdə “Netanya”nı 5:1 hesabı ilə darmadağın etməklə qızıl medalları təmin edib.
Hazırdda Hayfa təmsilçisi 78 xalla zirvədə qərarlaşıb və rəqibləri üçün əlçatmazdır. “Hapoel” (Beer Şeva) 71 xalla ikinci pillədə qərarlaşıb. Təl-Əviv “Makkabi”si isə 70 xalla üçüncüdür. Yerusəlim “Hapoel”i ilə “Netanya”nın 45, altıncı pillədə olan “Aşdod”un da 43 xalı var.
Xatırladaq ki, Hayfa “Makkabi”si tarixində 15-ci dəfə İsrail çempionatının qalibi adını qazanıb. Sözügedən klub daha öncə 1983–84, 1984–85, 1988–89, 1990–91, 1993–94, 2000–01, 2001–02, 2003–04, 2004–05, 2005–06, 2008–09, 2010–11, 2020–21 və 2021–22 mövsümlərində də ölkəsinin ən güclüsü olmuşdu.
İsrailin ən titullu komandası Təl-Əviv “Makkabi”sidir. Bu klub 23 dəfə ölkə çempionu olub. Ardıcıl üçüncü mövsümdür çempion olan Hapoel təmsilçisi isə bu göstəricidə ikinci pilləyə yüksəlib. Sözügedən kollektiv Təl-Əvivin digər təmsilçisi “Hapoel”i (14 çempionluq) geridə qoyub.
İsrail çempionatında mövsümün son turunun oyunları mayın 20-də keçiriləcək. Çempionluq qrupunda mübarizə aparan komandalardan “Hapoel” (Beer Şeva) “Netanya”nı, “Aşdod” isə “Makkabi” (Təl-Əviv) komandasını qəbul edəcək. Hayfalılar da doğma meydanda “Hapoel” (Yerusəlim) komandasını sınağa çəkəcəklər.