“Hazırda bu işlə AFFA məşğul olur” – Anatoli Nuriyev

Ukraynanın “Minay” klubunun hücumçusu Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışıb.

Arena.az xəbər verir ki, 25 yaşlı hücumçu Ukrayna mətbuatına açıqlamasında hələlik təfərrüatları açıqlamaq istəmədiyini bildirib:

“Hələlik şərh ediləsi xüsusi bir şey yoxdur. Baxmayaraq ki, özümü beynəlxalq səviyyədə sınamağı çox istəyirəm. Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə bir il öncə başladı. Axı, ata tərəfdən bu ölkə ilə bağlılığım var.

Hazırda bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim “Minay” üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda – DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq”.

Nuriyev daha əvvəl Ukrayna millisində çıxış etmək arzusunda olduğunu bildirsə də, hazırda bunun asan olmayacağını etiraf edib: “Hər zaman belə bir arzum olub. Lakin orada çox yüksək rəqabət var. Ölkənin əsas komandasında debüt etmək bir yana, yığmaya çağırılmağım belə gözlənilmir”.

Ukrayna mətbuatı Nuriyevlə yanaşı, onunla birgə çıxış edən digər azərbaycanlı hücumçu – Rüstəm Əhmədzadənin də millimizdə oynamaq şansının olduğunu yazır.

Qeyd edək ki, Anatoli Nuriyev Ukrayna Premyer Liqasında cari mövsümdə 12 oyuna 6 qol vurub, Rüstəm Əhmədzadə isə cəmi 6 görüşdə meydana çıxıb.