Henrix Mxitaryan “Roma”nı “İnter”ə dəyişdi

Futbol üzrə Ermənistan yığmasının sabiq yarımmüdafiəçisi Henrix Mxitaryan İtaliyanın “Roma” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra karyerasını A Seriyasının digər təmsilçisi “İnter”də davam etdirəcək.

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, “İnter”ə azad agent kimi keçib. Çünki futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti bu ilin 30 iyununa kimi idi.

Henrix Mxitaryan 2019-cu ilin sentyabr ayından “Roma”da çıxış edirdi. O, həmin vaxt İngiltərənin “Arsenal” klubundan icarəyə götürülmüşdü. Bir il sonra “canavarlar” oyunçunun transfer hüquqlarını da almışdılar. Mxitaryan “Roma”dakı 3 mövsümlük karyerası ərzində 117 oyuna çıxıb, 29 qol vurub. Erməni futbolçu “Arsenal” və “Roma”dan başqa “Mançester Yunayted”, “Borussiya” (Dortmund), “Şaxtyor” (Donetsk), “Metallurq” (Donetsk) və “Pünik” kimi klubların da formasını geyinib. Ermənistan yığmasında 95 oyuna çıxan yarımmüdafiəçi, 32 qol vurub. O, bu ilin mart ayında millidəki karyerasını başa vurduğunu açıqlayıb.