Herbert Hayner Tomas Müllerin mümkün xələfi haqda danışdı

“Bayern”in prezidenti Herbert Hayner Münhen komandasının alman hücumameylli yarımmüdafiəçisi Camal Musiala haqda söhbət açıb.

Arena.az məlumat verir ki, “Bayern”lə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Musiala bir çox Avropa nəhənglərinin, xüsusilə “Mançester Siti”nin diqqət mərkəzindədir:

“Onu mümkün qədər uzun müddət saxlamaq üçün əlimizdən gələni etmək istəyirik. Fikrimcə, o, ikinci Tomas Müller ola bilər. O, növbəti 20 ili burada qala bilər”, – Herbert Hayner bildirib.

Əlavə edək ki, Musiala ötən mövsüm üçün “Qızıl top” mükafatına namizədlərin 30 nəfərlik siyahısına daxil edilməyib.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Musialanın Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Musiala “Bayern”in heyətində 38 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə verib. Ötən mövsüm “Bayern” üçün uğursuz keçib. Belə ki, Camalın komandası mövsümü qənimətsiz başa vurub.

Cari mövsümdə Musiala “Bayern” üçün 3 oyuna 1 qolla fərqlənib.
Musialanın “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 166 oyun, 44 qol, 31 məhsuldar ötürmə.

Musiala 2022/2023-cü illər mövsümündə “Bayern”lə Bundesliqanın qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 35 oyun keçirib, 6 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameylli yarımmüdafiəçi Camal Musialanın transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.