“Herta” Bundesliqa ilə vidalaşdı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) bu mövsüm uğursuz çıxışı ilə seçilən “Herta” komandasının elitanı tərk edəcəyi dəqiqləşib. Arena.az xəbər verir ki, Bundesliqanın 33-cü turunda doğma meydanda “Bohum”la qarşılaşan bu komanda 1:1 hesablı heç-heçə ilə kifayətlənib.

Nəticədə sona bir tur qalmış Berlin təmsilçisinin elitada qalmayacağı rəsmiləşib. Hazırda 26 xalla sonuncu pillədə qərarlaşan bu komanda sonuncu turda səfərdə “Volfsburq”a qalib gəlsə belə, bu, heç nəyi dəyişməyəcək.

Elitanı tərk etməyə digər əsas namizədlər isə 32 oyuna 29 xal toplamış “Ştutqart”, 33 oyuna 31 xalı olan “Şalke” və 33 oyundan 32 xalla ayrılmış “Bohum”dur. 34 xala malik “Auqsburq”la 35 xalı olan “Hoffenhaym”ın da hələ elitada qalacağı tam dəqiqləşməyib.

Xatırladaq ki, Almaniya Bundesliqasında son iki pilləni – 17 və 18-ci yerləri tutan komandalar birbaşa ikinci Bundesliqaya düşürlər. 16-cı yeri tutan komanda isə ikinci Bundesliqada 3-cü olacaq kollektivlə pley-off oyunlarında qarşılaşmaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, “Herta” sonuncu dəfə 2011/2012 mövsümündə Almaniya Bundesliqasını tərk etmişdi. Lakin Berlin təmsilçisi cəmi bir mövsümlük fasilədən sonra yenidən elitaya yüksəlmişdi.

Daha öncə ikinci Bundesliqadan elitaya yüksələn ilk komandanın da adına aydınlıq gəlmişdi. “Darmştadt” 2023/2024 mövsümündən etibarən Almaniya Bundesliqasında iştirak etmək hüququ qazanıb. Sözügedən komanda buna Almaniya ikinci Bundesliqasında sona bir tur qalmış ən azı ilk iki pillədən birini təmin etməklə nail olub. Hazırda 67 xalla zirvədə qərarlaşan Darmştadt təmsilçisinin əsas izləyicilərindən “Haydenhaym” 64, “Hamburq” isə 63 xal toplayıb.