Hidayət Heydərov derbi öncəsi “Neftçi”yə dəstək oldu

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov “Neftçi” futbol klubunun üzvləri ilə görüşüb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Olimpiya çempionu Hidayət Heydərov bu gün “Neftçi” Futbol Klubunun qonağı olub. “Neftçi” Futbol Mərkəzində klub rəhbərliyi, baş məşqçi və futbolçularla görüşən cüdoçu Azərbaycan Premyer Liqasının “Qarabağ”la 15-ci tur oyunu ərəfəsində “ağ-qaralar”ın məşqini izləyib. Komandanın üzvləri ilə söhbətləşən Hidayət uşaqlıqdan “Neftçi” azarkeşi olduğunu deyib, komandaya dəstək nümayiş etdirib və uğurlar arzulayıb.

Xatırladaq ki, 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış, dünya və dördqat Avropa çempionu olan Heydərov dekabrın 1-də, saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Qarabağ”la matçda “Neftçi”ni tribunadan dəstəkləyəcək.