Hikmət Karaman Şahruddini fasilədə niyə əvəzlədiyini açıqladı

“Adana Dəmirspor”un baş məşqçisi Hikmət Karaman azərbaycanlı qapıçı Şahrudin Məhəmmədəliyevlə bağlı açıqlama verib.

Arena.az xəbər verir ki, Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində ötən gün keçirilmiş “Alanyaspor”la səfər matçı Məhəmmədəliyev üçün uğursuz alınıb.

Start heyətdə meydana çıxan və ilk yarıda 2 qol buraxan milliləşdirilmiş dağıstanlı qolkiper fasilədə əvəzlənib. Buna onun ikinci qolda kobud səhvə yol verməsi səbəb olub. Matçdan sonra Adana təmsilçisinin baş məşqçisi Hikmət Karaman Məhəmmədəliyevin əvəzlənməsinə münasibət bildirib. O, bu məsələ barədə mətbuat konfransında danışıb.

Karaman fərdi səhvlər olanda oyunçuları, sistemi və taktikanı dəyişməyin çətin olduğunu söyləyib: “Nəhayət, ikinci hissəyə qapıçı dəyişikliyi ilə başladım. Bəli, bütün məsuliyyəti öz üzərimə götürərək risk etdim. İki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə hallar ola bilər. O da bizim oyunçumuzdur. Problem yoxdur. Amma matça daxil olan Vedat Karakuş da penaltini qaytardı, qurtarışlar etdi. O, “mən də bu rəqabətdə varam” dedi”.

Xatırladaq ki, bu qarşılaşma 3:3 hesabı ilə başa çatıb. “Adana Dəmirspor” bu nəticədən sonra 32 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Şahruddinin komandası artıq 9 oyundur (kubok görüşünü də nəzərə alsaq, 10 oyun) qələbə qazana bilmir. Komanda bu müddətdə 4 məğlubiyyətə üzülüb, 5 heç-heçə edib.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 14 matça çıxıb, 23 qol buraxıb, cəmi 2 “quru” matç keçirib.