Hiroki İto “Bayern”də – Rəsmi

Futbol üzrə Yaponiya yığmasının və “Ştutqart”ın mərkəz müdafiəçisi Hiroki İto bundan sonra “Bayern”in formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, Almaniya nəhəngi bu gün yeni mövsümün ilk transferini açıqlayıb. “Bayern” “Ştutqart”da çıxış edən Hiroki İtonu heyətinə qatıb. 25 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Münhen təmsilçisi bu transfer üçün 30 milyon avrosundan keçib.

“Dünyanın ən böyük komandalarından birinə transfer olmaq mənim üçün şərəfdir. “Bayern” Yaponiyada da tanınmış klubdur. “Ştutqart”da hər şeyimi verdim. İndi isə buradayam. Bu gözəl klubda çıxış etməyi səbirsizliklə gözləyirəm. “Bayern”in kuboklar qazanmasına kömək etmək istəyirəm. Yeni bir addım atmaq istədim. “Bayern” bunun üçün əla klubdur”.

“Bayern”in idman direktoru Maks Eberl də bu transferlə bağlı fikirlərini bölüşüb: “Hiroki İtonu heyətimizə qatdığımız üçün çox şadıq. Ac və enerjili oyunçular gətirmək istəyirik. Onun 25 yaşı olsa da, böyük təcrübəsi var. İto bizim üçün vacib oyunçu olacaq”.

Xatırladaq ki, “Ştutqart”a Hiroki İtonu “Jubilo İvata”dan 400 min avroya transfer etmişdi. 2021-ci ilin iyul ayından Almaniya klubunda çıxış edən futbolçu Bundesliqa təmsilçisində 97 oyun keçirib. O, bu oyunlarda 2 qol və 5 məhsuldar ötürmə müəllifi də olub.

Yaponiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Hiroki İto 2022-ci ilin iyun ayından əsas millidə çıxış edir. O, Yaponiya yığmasında 19 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.