Höccət Haqverdi rəsmən “Neftçi”də!

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Höccət Haqverdi Cənubi Azərbaycanın “Traktor” klubundan ayrılıb. Arena.az xəbər verir ki, o, bundan sonra yenidən Azərbaycan Premyer Liqasında oynayacaq.

Belə ki, 29 yaşlı futbolçu “Neftçi”yə transfer olunub. Paytaxt klubu bu qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib. “Ağ-qaralar” yeni transferi rəsmi sayt və sosial şəbəkələrdəki hesabları vasitəsilə açıqlayıb. Höccətlə 1,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Farsəsilli milliləşdirilmiş futbolçu yeni komandasının heyətində 3 nömrəli formanı geyinəcək.

Höccət Haqverdi “Neftçi”yə keçənə qədər məhz “Traktor”un uğurları üçün çalışırdı. “Sumqayıt”ın 2021-ci ildə “Paykan”dan ayrıldıqdan sonra azad agent kimi heyətinə qatdığı oyunçu, Təbriz təmsilçisində bu mövsümün əvvəlindən icarə əsasında forma geyinirdi. 29 yaşlı müdafiəçinin “kimyaçılar la müqaviləsi davam edirdi. Bu üzdən də “Neftçi”nin “Sumqayıt”a təxminən 100 min dollar ödədiyi iddia olunur.

Höccət “Sumqayıt”da 2021/2022 mövsümündə forma geyinib. O, İranın “Abumoslem” (2013-2014), “Zobahan” (2014-2017), “Paykan” (2017-2021) klublarında da çıxış edib. Haqverdi Azərbaycan milli komandasının heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.