Hummels, Lukman və Əl-Kaabi – Həftənin ən yaxşıları!

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

35 yaşlı alman futbolçu buna komandasının Fransa nəhəngi PSJ-yə səfərdə 1:0 hesabıyla qalib gəldiyi cavab oyununda qələbə qolunu vurmaqla nail olub.

UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına digər namizəd Vinisius Junior idi. Hansı ki, o, Almaniya nəhəngi “Bayern”lə ev oyununda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib. Braziliyalı vinger həm də bu oyunda 32,2 km məsafə qət etməsi ilə diqqət mərkəzinə düşüb.

Maraq üçün xatırladaq ki, Vinisius Juniorla Mats Hummels yarımfinalın ilk oyunlarından sonra da həftənin ən yaxşı oyunçusu adına namizəd olmuşdular. Yekunda səsvermə nəticəsində braziliyalı futbolçu ən yaxşı seçilmişdi. Amma bu həftənin qalibi Hummels olub.

Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları bəlli olub.

Avropa Liqasında həftənin ən yaxşısı Ademola Lukman seçilib. İtaliyanın “Atalanta” klubunun formasını geyinən futbolçu Marsel “Olimpik”i (Fransa) ilə ev oyunundakı 3:0 hesablı qələbədə 1 qol və 1 assistlə yadda qalıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına digər namizəd Mile Svilar idi. Hansı ki, o, səfərdə Almaniyanın “Bayer” komandası ilə 2:2 hesablı heç-heçəyə razılaşdıqları görüşdə 12 seyvlə diqqət mərkəzinə düşmüşdü.

Avropa Konfrans Liqasında da Ayub Əl-Kaabi (“Olimpiakos”, Yunanıstan) həftənin ən yaxşı oyunçusu seçilib. Mərakeşdən olan 30 yaşlı futbolçu İngiltərənin “Aston Villa” komandasını 2:0 hesabıyla məğlub etdikləri qarşılaşmada dubla imza atıb. O, ötən həftə də bu rəqibə səfərdə 4:2 qalib gəldikləri matçda het-trik etmiş və həftənin ən yaxşı oyunçusu seçilmişdi.

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına digər namizəd Kristian Kuame (“Fiorentina”, İtaliya) idi. O, səfərdə Belçika “Brügge”si ilə heç-heçəyə razılaşdıqları (1:1) oyunda sərgilədiyi performansla iki namizəddən biri olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: