Huqo Ekitike mövsümü erkən bitirdi – DÇ-ni də buraxacaq

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Liverpul” klubunun mərkəz hücumçusu Huqo Ekitike uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ (Fransa) ilə cavab oyununda zədələnib.

Ətraflı müayinələrdən sonra forvardın axilles vətərindən zədə aldığı müəyyənləşib. Ekitike mövsümünün qalan hissəsində oynamayacaq. “Liverpul” 23 yaşlı hücumçunun DÇ-2026-da Fransa millisinə kömək edə bilməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, “Liverpul” Ekitikeni 2025-ci ilin yayında 95 milyon avro müqabilində Frankfurt “Ayntraxt”ından transfer edib. Fransalı hücumçunun İngiltərə klubu ilə 2031-ci ilin yayınadək müqaviləsi var. O, “Liverpul”un heyətində 45 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

Huqo Ekitike “Reyms”in məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Vayle” (icarə), PSJ və “Ayntraxt”da oynayıb.

Fransanın U-20, U-21, U-23 komandalarında da oynamış Ekitike 2025-ci ildən formasını geyindiyi əsas millinin heyətində 8 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ektike PSJ ilə Fransa çempionu (2022/2023, 2023/2024) olub və Fransa Super Kubokunu (2023/2024) qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: