Fransanın PSJ klubunun mərkəz hücumçusu Hüqo Ekitike icarə müqaviləsi əsasında Almaniya təmsilçisi “Ayntraxt”a (Fraknfurt) keçib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Frankfurtlular əslən Kamerundan olan 21 yaşlı forvardı satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüblər. Yarım mövsümlük icarə almanlara 3,5 milyon avroya başa gəlib. Gənc hücumçunun birdəfəlik transferi üçün daha artıq ödəmək lazım gələcək.
Hüqo Ekitike Fransanın “Reyms” klubunun yetirməsidir. O, bir müddət “Vayle”də icarədə də oynayıb. Ekitike 2022-ci ilin yayından formasını geyindiyi PSJ-də 33 oyuna çıxıb, 4 qol və 4 assistlə yadda qalıb.
“Ayntraxt” iki futbolçusu ilə də yollarını ayırıb. Belə ki, norveçli sol cinah vingeri Yens Petter Hauqe “Bodo Qlimt”ə, amerikalı hücumameyilli yarımmüdafiəçi Paksten Aronson isə “Vites”ə icarəyə verilib. Norveç klubu Hauqeni satınalma şərti ilə icarəyə götürüb. Hər iki futbolçunun icarə müddəti 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.
Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan Pakston Aronson “Filadelfiya Yunion” klubunun yetirməsidir. O, 2023-cü ilin yanvarında 4 milyon avro qarşılığında keçdiyi Almaniya klubunun heyətində 22 oyuna çıxıb və 3 assistlə yadda qalıb. Aronson ABŞ yığmasında da 1 oyun keçirib.
Yens Petter Hauqe isə elə “Bodo Qlimt”in yetirməsidir. O, “Olesun”, “Milan” və “Gent” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi Bundesliqa təmsilçisində 55 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. O, Norveç yığmasında da 10 oyun keçirib.


