Hüseyn Allahyarov qran-pridə bürünc medal qazandı

Azərbaycan cüdoçusu Hüseyn Allahyarov Xorvatiyanın paytaxtında təşkil edilmiş Zaqreb qran-prisində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Zaqreb qran-prisinə start verilib.

İlk yarış günündə dörd çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Təəssüf ki, onların əksərinin çıxışı uğursuz alınıb.

Qadınların yarışında Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aydan Vəliyevanın (52 kq) medal qazanmaq istəyi baş tutmayıb.

Kişilərdə isə Murad Muradlı (60 kq), İslam Rəhimov (66 kq) və Nazir Talıbov (66 kq) medalsız qalıblar.

İdmançılarımızdan yalnız Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmağı bacarıb. O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib. Bu, 22 yaşlı cüdoçumuzun Dünya Cüdo Turunda ilk mükafatı olub.

Xatırladaq ki, Azərbaycan Xorvatiyadakı yarışa bütövlükdə 15 cüdoçu ilə qatılıb.

Xəbəri istədiklərinizlə paylaşın