Türkiyə 1-ci liqasında çempion olaraq Super Liqaya yüksələn “Samsunspor” baş məşqçisi Hüseyn Eroğlu ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 50 yaşlı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb. Almaniyadan olan türk əsilli məşqçi 2026-cı ilə qədər bu komandanı çalışdırmağa davam edəcək.
Hüseyn Eroğlu 2022-ci ilin sentyabr ayından Qaradəniz təmsilçisinə rəhbərlik edir. O, bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. Samsunlular bu görüşlərdə 21 qələbə qazanıblar, 6 heç-heçə ediblər və 4 məğlubiyyətə üzülüblər.
Eroğlu “Samsunspor”dan öncə “Altınordu”da da baş məşqçi olub. O, 2012-2022-ci illər aralığında bu komandanı 368 oyuna çıxarıb – 168 qələbə, 89 heç-heçə, 111 məğlubiyyət.
Xatırladaq ki, “Samsunspor” bu mövsüm Türkiyə 1-ci Liqasında 36 oyuna 78 xal toplayaraq çempion olub və Super Liqaya birbaşa vəsiqə qazanıb.