Azərbaycan cüdoçuları İbrahim Əliyev və Nurlan Osmanov Tacikistanda keçirilən qran-pridə bürünc medal şansını əldən veriblər.
Arena.az xəbər verir ki, onların hər ikisi Düşənbədəki turniri 5-ci yerlə tamamlamaq məcburiyyətində qalıb.
73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov yarımfinalda rusiyalı Maxmadbek Maxmadbekova uduzub.
Eyni çəkidəki İbrahim Əliyev isə finala gedən yolda yerli idmançı Behruzi Xocazodaya yenilib.
Onlar medal qarşılaşmasında müvafiq olaraq meksikalı Gilberto Kardoso və fransalı Benyamin Axusla üz-üzə gəliblər. Həlledici görüşlərindən də məğlub ayrılan Azərbaycan cüdoçuları medalsız qalıblar.
Xatırladaq ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) bu qran-pridə gümüş medal qazanmışdı. Yaşar Nəcəfov (66 kq) isə turniri bürünc medalla başa vurub.
Sabah yekun vurulacaq turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparır. Azərbaycan yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunur.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edirlər.
Kişilərdən ibarət millinin heyətində bu cüdoçular yer alıblar: Turan Bayramov, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (hər ikisi -66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi -73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi -90 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlardan ibarət yığmada isə bu cüdoçulara şans verilib: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).