İbrahim Yusubov növbəti dəfə dünya çempionu oldu!

Çimərlik güləşi üzrə Azərbaycan yığmasının üzvü İbrahim Yusubov karyerası ərzində ikinci dəfə dünya çempionu olub.

Arena.az xəbər verir ki, bu gün çimərlik güləşi üzrə 2023-cü il mövsümünə yekun vurulub.

Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən Dünya Seriyasının final mərhələsində İbrahim Yusubov (90 kq) gümüş medal qazanıb. Ramiz Həsənovla (70 kq) Oyan Nəzəriani (+90 kq) isə 4-cü yeri tutub.

Seriyanın 5 mərhələsinin yekununa əsasən, 90 kq-da hamıdan çox xal toplayan Yusubov titulunu qoruyub. Belə ki, güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu olub!

Öncəki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc medala sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Yeri gəlmişkən, çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi kimi də fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.

Xatırladaq ki, bu mövsüm çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmişdi. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanmışdılar. Həsənov Argentinada bürünc, Yusubov isə gümüş medal əldə etmişdi.

İyunun 10-dan 11-nə qədər Sinqapurda təşkil olunmuş ikinci mərhələdə isə yalnız Yusubov bürünc medal qazanmışdı.

Dünya Seriyasının üçüncü mərhələsi iyunun 29-30-da Fransanın Sen-Loren-du-Var şəhərində baş tutmuşdu. Bütün rəqiblərinə qalib gələn Yusubov çempion olmuşdusa, Həsənovla Nəzəriani üçüncü yeri tutmuşdular.

Sentyabrın 7-8-də Rumıniyanın Konstansa şəhərində baş tutan dördüncü mərhələdə isə Yusubov qızıl, Həsənovla Nəzəriani gümüş medal qazanmışdılar.