“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç komanda yoldaşı Sandro Tonalinin “Nyukasl”a transferi haqda fikir bildirib.
Arena.az “Football Italia”ya istinadən İbrahimoviçin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“O, İngiltərə Premyer Liqasında yaxşı çıxış edəcək. Məncə, o, hazırdır. Əlbəttə, hər şey onun özündən asılıdır. Mən ona, qalib gəlmək üçün hansı köklənmənin gərək olduğunu açıqlamışam. O, “Milan”da çox inkişaf edib, onun üzərinə böyük məsuliyyət düşür və tərəqqiyə davam etməlidir. O, İngiltərədə də işinin öhdəsindən əla gələcək”, deyə İbrahimoviç bildirib.
Tonali 2020-ci ildə “Breşiya”dan icarə əsasında “Milan” keçib, növbəti mövsümdə klubla tamhüquqlu müqavilə bağlayıb.
2022/2023 mövsümündə Sandro Tonali “Milan”ın heyətində 48 oyun keçirib, 2 qol vurub, 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Sandro Tonalini 50 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Tonali qarşısında karyerasını “Milan”a həsr etmək, klubun rəmzinə çevrilmək məqasədi qoymuş, komandanın azarkeşləri də Tonalini Franko Barezi, Paolo Maldini, Cennaro Qattuzo ənənələrinin varisi olaraq qəbul edirdilər. Tonaliyə “Nyukasl”a transfer edildiyi deyiləndə Sandro göz yaşlarına qərq olmuşdu.