İldar Ələkbərov “Sabah”a lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubu yarımmüdafiəçisi İldar Ələkbərov ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, İldar Ələkbərov 2021-ci ildən “bayquşlar”ın heyətində çıxış edirdi. O, paytaxt klubunda 34 oyun keçirib, 6 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümün ikinci dövrəsini “Araz-Naxçıvan”da icarədə keçirmiş yarımmüdafiəçi bu komandanın heyətində 10 oyuna çıxsa da, fərqlənə bilməyib. O, daha öncə “Stroqino”, “Nefteximik” kimi klubların da şərəfini qoruyub. Ələkbərov vaxtilə Azərbaycanın U-21 yığmasında da 9 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.

Xatırladaq ki, “Sabah” bu yay Davit Volkov (“Zirə”), Kristian Sebalyos, Kristian da Silva (“Turan Tovuz”), Maruan Hadudi, Emmanuel Apeh, Veysəl Rzayev (“Turan Tovuz”), Jarl Marqarita və İshak Belfodillə də yollarını ayırmışdı. Rauf Rüstəmli (“Şamaxı”), Fəxri Məmmədli (“Şamaxı”) və Rüstəm Samiqullin (“Neftçi”) isə icarəyə veriliblər.

Gedənlərin əvəzində “Sabah” Kahim Parris (“Dinamo”, Kiyev, Ukrayna), Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya), Neqoş Kupusoviç (“Trençin”, Slovakiya), Pavol Şafranko (“Sepsi”, Rumıniya) və İqor Noqeyra (“Şaveş”, Portuqaliya) ilə güclənib.