Futbol üzrə Bolqarıstan yığmasının baş məşqçisi İlian İliyev Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, yığmamız “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah – martın 25-də Bakıda Bolqarıstan millisi ilə üz-üzə gələcək.
Bolqarların çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycanın Monqolustanla oyununa tam baxmamışam. Fraqmentləri izləmişəm. Azərbaycana dominant oyun sərgilədi. Kifayət qədər şansları var idi və layiqli qələbə qazandılar. Azərbaycan yığmasının güclü tərəflərini yaxşı bilirik
Biz də son görüşdə Tanzaniyanı 1:0 hesabıyla məğlub etmişik. Həm bu oyunda, həm də ondan öncəki Macarıstan (2:2) və Serbiya (2:2) ilə görüşlərimizdə müsbət məqamlar çox idi. Azərbaycanla oyundakı nəticənin necə olacağını oyunun sonunda görəcəyik. Tənqid məsələsinə gəlincə, bundan əmin ola bilmərik. Fikirlər tək nəticə üzərindən yürüdülmür. Biz bu haqda düşünmək istəmirik. Sabahkı oyunda qələbəyə köklənmişik”.
İliyev “FIFA series – Edition 2024” layihəsinin Azərbaycandakı təşkilatçılığından da danışıb: “İndiyə kimi təşkilatçılıq mükəmməldir. Bu yarışa qatılmaq şərtlərimizdən biri o idi ki, hər şey yüksək və peşakar səviyyədədir. Əminəm ki, bu turnir qarşıdan gələn UEFA Millətlər Liqası öncəsi bizə kömək olacaq”.
İlian İliyev həm də Bolqarıstanın “Çerno More” komandasının baş məşqçisidir. O, “Arda”da forma geyinən Azərbaycan millisinin üzvü olan Cəlal Hüseynovdan, həmçinin “Çerno More”də oynamış “Qarabağ”ın futbolçuları – Leandro Andrade və Patrik Andradedən də söz açıb:
“Cəlal Hüseynovu yaxşı tanıyıram. Yaxşı keyfiyyətə malik, istedadlı futbolçudur. Leandro Andrade ilə Bakıda görüşmüşəm. Patrik isə Kabo-Verde millisinin heyətində olduğuna görə, onunla görüşmək imkanımız olmadı”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan matçına saat 20:00-da start veriləcək.