Azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matçlarına çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan “Krasnodar” ilə qarşılaşmanın iştirakçısı olublar.
“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:6. İlk hissənin 27-ci dəqiqəsində azlıqda qalan meydan sahibləri fasiləyə 0:1 hesabıyla məğlub yollanıblar. Qalan qolların hamısı ikinci hissədə qeydə alınıb. Fasilədən dərhal sonra meydana buraxılan “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Kadi Borges də 63-cü dəqiqədə qol vurmağa nail olub.
Ayaz Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlya Sadıqov isə 73-cü dəqiqədə meydana buraxılıb.
Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Ximki” 21 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.