İmmobile, Qreqoriç və Niqren – Həftənin ən yaxşıları

İtaliyanın “Latsio” klubunun hücumçusu Çiro İmmobile UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, Çiro İmmobile “Latsio”nun Şotlandiyanın “Seltik” komandasına qarşı keçirdiyi ev oyununda dubla imza atmışdı. Onun komandası isə bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına Fil Foden (“Mançester Siti”, İngiltərə), Hakim Ziyeş (“Qalatasaray”, Türkiyə) və Joao Mario (“Benfika”, Portuqaliya) da namizəd idi.

Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları məlum olub.

Avropa Liqasında Almaniyanın “Frayburq” klubunun vingeri Mixael Qreqoriç ən yaxşı elan edilib. O, Pyer-Emerik Obameyanq (“Olimpik”, Marsel, Fransa), Kristian Eriksen (“Molde”, Norveç) və Kodi Qakpo (“Liverpul”, İngiltərə) ilə mübarizədən qalib ayrılıb.

Xatırladaq ki, avstriyalı futbolçu Yunanıstanın “Olimpiakos” komandasına 5:0 hesabıyla qalib gəldikləri ev oyununda 3 qol vurub. O, daha bir qolda da məhsuldar ötürmə müəllifi kimi diqqət mərkəzinə düşüb.

Avropa Konfrans Liqasında isə həftənin oyunçusu adına Danimarkanın “Nordsyelland” klubunun sağ cinah vingeri Benjamin Niqren layiq görülüb. O, doğma meydanda Türkiyənin “Fənərbaxça” komandasına 6:1 hesabıyla qalib gəldikləri görüşdə het-triklə yadda qalıb.

Konfrans Liqasında həftənin oyunçusu adına Yuray Kuçka (“Slovan”, Bratislava, Slovakiya), Amal Pelleqrino (“Bodo Qlimt”, Norveç) və Tyaqo (“Brügge”, Belçika) da namizəd idi.