İngilis futbolçular AÇ-yə vəsiqəni 35 min funt-sterlinqə “yuyublar”

İngiltərə yığmasının oyunçuları AÇ-2024-ün final mərhələsinə yüksəlmələrini qeyd etmək üçün təxminən 35 min funt-sterlinq xərcləyiblər.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Cek Qriliş, Ceyms Meddison, Trent Alesander-Arnold, Cud Bellingem və Lyuk Şou İngiltərə yığmasının uğurunu gecə klubuna baş çəkərək qeyd ediblər. Futbolçular məclisdə olan azarkeşləri tünd içkilərlə qonaq ediblər. Qriliş və Meddisonun oktyabrın əvvəlində sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalmış “Tottenhem”in müdafiəçisi Destini Udocinin şərəfinə futbolçuya dəstək olmaq üçün badə qaldırdıqları da vurğulanır.

Xatırladaq ki, İngiltərə yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş oyunda İtaliya yığması üzərində 3:1 hesablı qələbə qazanıb. Məhz bu qələbə sayəsində britaniyalılar turnirin final mərhələsinə vəsiqəsini təmin ediblər.