İngiltərə yığmasının sabiq futbolçusu Larri Lloyd vəfat edib

“Liverpul”, “Nottingem Forest” və İngiltərə yığmasının sabiq müdafiəçisi Larri Lloyd martın 28-də 75 yaşında dünyasını dəyişib.

Arena.az məlumat verir ki, Lloydun ölüm səbəbi hələ açıqlanmayıb.

Larri Lloyd 1979-cu və 1980-ci illərdə ardıcıl iki dəfə Avropa Çempionlar Kubokunu qazanmış, ingilis mütəxəssis Brayan Klafın çalışdırdığı möhtəşəm “Nottingem Forest”in “möcüzə adamlar” dəstəsinin ayrılmaz hissəsi idi.

Lloydun ölüm xəbərinə kədərini ilk olaraq “Nottingem Forest” düşərgəsi ifadə edib:

“Bu həqiqətən kədərli zamanda Larrinin dostlarına və ailəsinə başsağlığı veririk. Rahat yat, Larri”, “meşəçilər” rəsmən bildiriblər.

Larri Lloydun futbolçu karyerası “Bristol Rovers”də başlayıb. Ardınca “Liverpul”da çıxışları ilə məşhurlaşmış Lloyd “Koventri”nin, daha sonra “Notteingem Forest”in düşərgəsinə keçib. Uğurlu çıxışılarını Lloyd İngiltərə və Avropanı fəth etmiş Brayan Klafın məşhur “meşəçilər”i ilə davam etdirib. 1983-cü ilin martında Llloyd “Uiqan”da futbolçu karyerasına xitam verib.

Larri “Liverpul”un heyətində ümumilikdə 215 oyuna 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Nottingem Forest”lə isə Larri ümumilikdə 162 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Larri Lloydun qənimətlər muzeyində “Liverpul”la qazandığı İngiltərə çempionluğu, İngiltərə Kuboku və UEFA Kuboku var. Əsas uğurlarını isə Lloyd məhz “Nottiingem Forest”lə qazanıb: İngiltərə çempionluğu, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, Avropa Çempionlar Kuboku (2 dəfə), Avropa Super Kuboku və Anqlo-Şotland Kuboku.

Larri Lloyd 1971-ci ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti olmayıb.

Lloyd 1981-83-cü illərdə “Uiqan”da oynayan məşqçi kimi çalışıb. 1983-84-cü illərdə isə Lloyd dünyanın ən qocaman peşəkar futbol klubu olan “Notts Kaunti”nin baş məşqçisi olub.