İNGİLTƏRƏ

İngiltərə futbolu barədə danışarkən ilk növbədə bu idman növünə dair beynəlxalq qaydaların 1863-cü ildə məhz İngiltərə Futbol Federasiyası tərəfindən yaradıldığını qeyd etmək lazımdır. Üstəlik, İngiltərədə 40 mindən çox futbol klubu var. Bu da digər ölkələrlə müqayisədə rekord bir göstəricidir.

Ən yaşlı futbol klubu (“Şeffild FC”, 1857-ci ildə yaradılıb), ən yaşlı peşəkar futbol klubu (“Notts Kaunti”, 1862-ci ildə yaradılıb) İngiltərədədir. Bu ölkə həm də ən yaşlı futbol federasiyasına (İngiltərə Futbol Federasiyası, 1863-cü ildə yaradılıb), ilk qurulan milli komandaya (İngiltərə millisi 1872-ci ildə yaradılıb) sahibdir.

Üstəlik, ilk milli çempionat (1888-ci ildə), pley-off sistemi ilə keçirilən ilk turnir (FA Cup, 1871) də məhz bu ölkədə təşkil olunub. 1888-ci ildən 1992-yə qədər İngiltərə Futbol Liqası adlandırılan, 1992-dən etibarən Premyer Liqa adı verilən bu ölkənin çempionatın dünyanın ən populyar və ən zəngin turniri hesab olunur.

İngiltərə klublarının böyük uğurları çox olsa da, bunu ölkənin milli komandasına aid etmək olmaz. Məsələ burasındadır ki, belə zəngin tarixə malik bir futbol ölkəsinin əsas yığma komandası cəmi bir dəfə Dünya çempionatının qalibi olub. O da 1966-cı ilə təsadüf edir.

İngiltərə futbolu həvəskarları demək olar ki, dünyanın əksər ölkərində var. Elə Azərbaycanda da Premyer Liqaya böyük maraq var. Ölkəmizdə İngiltərə yığmasının, bu ölkənin aparıcı klublarının azarkeşləri də kifayət qədərdir. “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Çelsi”, “Mançester Siti” və “Tottenhem”i bu baxımdan xüsusi fərqləndirmək olar.

İngiltərədə klubların sayı çox olduğu kimi, çempionatların da sayı yetərincədir. Belə ki, bu ölkədə hər il 140-dan çox fərdi liqa və 480-dən çox divizion təşkil olunur. Sistemdəki futbol klublarının sayı ildən-ilə dəyişir. lakin hər liqada ortalama 15 klub və təxminən 5300 klubu təmsil edən 7000-dən çox komanda var.