“İnter” azarkeşlərindən Françesko Açerbiyə dəstək

“İnter” azarkeşləri “neradzurri”nin veteran italyan mərkəz müdafiəçisi Françesko Açerbiyə dəstək nümayiş etdiriblər.

Arena.az məlumat verir ki, söhbət martın 17-də İtaliya A Seriyasının 29-cu turunun “İnter” – “Napoli” oyununda (1:1) Açerbi ilə rəqibin braziliyalı mərkəz müdafiəçisi Juan Jezus arasında qarşıdurma zamanı Françeskonun Juanı irqi zəmində təhqirindən gedir.

“İnter” azarkeş hərəkatı sosial şəbəkələrdə öz mövqeyini paylaşıb:

“Artıq bir neçə gündür ki, Juan Jezusun guya oyunçularımızdan biri tərəfindən irqi zəmində təhqir edilməsi ilə bağlı xəbər qəzetlərdən, televiziyalardan və sosial şəbəkələrdən getmir. Meydanda nə deyildiyini bilmirik, amma Françeskonu tanıyaraq onun dodaqlarından belə sözlərin gəldiyinə şübhə edirik. Xərçənglə mübarizə aparıb qalib gəlmiş insandır, azdanışandır və özünü həmişə ciddi peşəkar kimi göstərib.

Təbii ki, irqçilik təsdiqlənərsə, biz sözümüzü geri götürəcəyik, amma tutarlı dəlil olmadan Françeskonu dəstəkləməyə davam edəcəyik”, – “İnter” tərəfdarları mövqe bildiriblər.

Xatırladaq ki, mümkün irqi təhqir səbəbilə Açerbi qarşıdakı beynəlxalq yoldaşlıq oyunları üçün İtaliya yığmasının heyətindən kənarlaşdırılıb. Françesko bu məqama münasibətini açıqlayaraq, heç bir irqi təhqirə yol vermədiyini bildirib. Ardınca isə hadisənin iştirakçısı Juan Jezus dilə gələrək, Açerbinin mövqeyini təkzib edib. Braziliyalı futbolçu Açerbinin meydanda onu irqi zəmində təhqir etdiyini, sonra hakimin iştirakı ondan üzr istədiyini bildirib. Juan Jezus vurğulayıb ki, bütün bunların ardından Açerbinin yalan danışaraq, irqi təhqirə yol vermədiyini bildirməsi qarşılığında, ona deyəcək sözü yoxdur.