“İnter” ÇL-ə vəsiqəni təmin etdi, rekordu təkrarladı

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “İnter” növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

Arena.az xəbər verir ki, sözügedən komanda A Seriyasının 2023/2024 mövsümünün 30-cu turunda doğma meydanda “Empoli” ilə qarşılaşıb.

Milan təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının növbəti mövsümündə iştirak hüququ qazanıb. Hazırda 79 xalla lider olan Simone İnzaqinin komandası çempionatın qalan matçlarının hamısında uduzsa belə, 4-cü pillədən aşağı düşməyəcək.

Beləliklə, “İnter” Avropanın ən yaxşı 5 Liqasında “Bayer”dən sonra gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanan ikinci komanda olub.

“Empoli” ilə matçı Milan təmsilçisi üçün daha bir məqamla əlamətdar olub. Nəticədə bu komanda cari mövsümdə keçirdiyi 30 oyundan 25-də qələbə qazanmış olub. Bu isə klub rekordunun təkrarıdır. Milan klubu tarixində 2-ci dəfə belə göstəriciyə nail olub. Komanda ilk dəfə 2006/2007 mövsümündə Roberto Mançininin rəhbərliyi altında 30 oyundan 25-də qalib gəlib.

İnzaqinin rəhbərlik etdiyi kollektiv bu mövsüm 4 dəfə heç-heçə edib, 1 dəfə uduzub. Hazırda 79 xalı olan komanda A Seriyasında 2-ci yerdəki “Milan”ı 14 xal qabaqlayır və çempionluğa çox yaxındır.