“İnter” İnzaqinin rəhbərliyi altında bir ilkə imza atdı

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə Madrid “Atletiko”su üzərində qazanılmış 1:0 hesablı qələbə “İnter” üçün əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, bu qələbə sayəsində Milan təmsilçisi İnzaqinin rəhbərliyi altında bütün yarışlarda ilk dəfə olaraq ardıcıl 9-cu qələbəsini qazanıb.

Sözügedən komanda sonuncu dəfə müvafiq silsiləyə 2021-ci ilin yazında nail olmuşdu.

“İnter”in cari uğuruna İtaliya A Seriyasında 6 qələbə, İtaliya Super Kubokunda 2 qələbə və Çempionlar Liqasında “Atletiko” ilə sözü gedən oyundakı qələbə daxildir.

Milanlılar sonuncu dəfə 2023-cü il dekabrın 30-da A Seriyasının 18-ci turunun “Cenoa” ilə oyununda xal itiriblər. Həmin oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

Hazırda “İnter” A Seriyasının 24 turundan 63 xalla turnir cədvəlinə başçılıq edir. “Neradzurri” İtaliya A Seriyasının cari çempionu “Napoli”ni 1:0 hesabı ilə məğlub edərək, İtaliya Super Kubokunu qazanıb. Milan təmsilçisi “Atletiko” ilə UEFA Çempionlar Liqasının cavab oyununu martın 13-də Madriddə keçirəcək.

Simone İnzaqiyə gəlincə, “İnter”ə uğurla rəhbərlik edən italyan mütəxəssis “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İnzaqinin bu klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin sözügedən komandaya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 143 oyun, 95 qələbə, 24 heç-heçə, 24 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 280:119 nisbətindədir.