İntihara cəhd etmiş Aleksis Beka Beka xəstəxanadan evə buraxıldı

“Nitsa”nın intihara cəhd etmiş fransalı dayaq yarımmüdafiəçisi Aleksis Beka Beka müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, sentyabrın sonunda Aleksis Beka Beka Nitsada magistral yolda yerləşən Manyan körpüsünün kənarında dayanaraq intihar etməklə hədələmişdi. Hərbçilərin rəhbərlik etdiyi əməliyyatda polis və psixoloqun ciddi səyləri nəticəsində Aleksisi intihardan daşındırmaq mümkün olmuşdu.

Konqoəsilli fransalı futbolçu “Nitsa”ya 2022-ci ilin avqustunda 12 milyon avro müqabilində Moskva “Lokomotiv”indən keçib. Dayaq yarımmüdafiəçisinin transfer qiyməti təxmin edilən bazar qiymətindən dördqat baha olub. “Nitsa” Beka Beka ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu müddətdə Beka Beka “Nitsa”nın heəytində 22 oyuna çıxıb, 1 qol vurub. “Dayaqçı” cari mövsümdə heç bir oyun keçirməyib. Həmçinin yarımmüdafiəçi futbolda hələlik heç bir qənimət qazanmayıb.

Beka Beka perspektivli dayaq yarımmüdafiəçisi hesab edilir. Aleksis Fransanın Olimpiya yığmasına, həmçinin aşağı yaş qrupları üzrə bütün yığmalarına – U-17, U-18, U-19, U-20, U-21, U-23 – dəvət alıb. Beka Beka U-20 və U-21 yığmalarında oyun keçirməyib, amma digər kollektivlərin heyətində oyun təcrübəsi var. “Dayaqçı” “xoruzlar”ın əsas yığmasında hələ debüt etməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.