İnyaki Uilyams iki il ayağında şüşə parçası ilə oynayıb

Bilbao “Atletik”inin qanalı sağ vingeri İnyaki Uilyams iki il ərzində, ayağına batıb qalmış iri şüşə parçası ilə futbol oynayıb.

Arena.az məlumat verir ki, bu barədə “Atletik”in baş məşqçisi, ispan mütəxəssis Ernesto Valverde İspaniya La Liqasının “Rayo Valyekano” ilə 38-ci tur çərçivəsində keçiriləcək səfər oyununa həsr edilmiş mətbuat konfransında məlumat verib.

Mütəxəssisin məlumatına görə, bir neçə il əvvəl Qana yığmasının hücumçusu qəzaya düşüb, bundan sonra sınmış şüşənin üstünə ehtiyatsızlıqla ayaq basıb. Həkimlər yaraya tikişlər vursalar da, daxildə qalmış qırıntıya əhəmiyyət verməyiblər. Bir müddət sonra Uilyams ayağındakı narahatlıqdan şikayət etdikdən sonra, bu yaxınlarda MRT müayinəsindən keçib. Müayinənin nəticələri göstərib ki, futbolçunun ayağında təxminən iki santimetr ölçüsündə şüşə parçası aşkar edilib.

Valverde bildirib ki, İnyaki Uilyams cərrahi əməliyyat edilib və şüşə parçası çıxarılıb, futbolçu isə məlum səbəbdən “Rayo Valyekano” ilə oyunu buraxacaq.

Xatırladaq ki, İnyaki Uilyams La Liqada müstəsna rekordun müəllifidir. Qanalı hücumçu 2016-cı ilin aprelindən 2023-cü ilin yanvarına qədər heç bir liqa oyunun qaçırmadan 251 oyundan ibarət rekord müəyyənləşdirmişdi.

İnyaki Uilyams “Pamplona”nın yetirməsidir. Buradan “Atletik”ə yol tapmış hücumçu “Baskoniya”ya oynayıb və ardınca özünün sübut edərək, “Atletik”in əsas heyətinə düşüb.

Cari mövsmüdə Uilyams “Atlatik”in heyətində bütün yarışlarda 39 oyuna 14 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Qanalı hücumçunun bask klubnun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 421 oyun, 100 qol, 57 məhsuldar ötürmə.

İnyaki Uilyams 2022-ci ilin sentyabrında debüt etdiyi Qana yığmasının heyətində 17 oyun keçirib, 1 qol vurub. Uilyams əvvəllər seçimini İspaniyanın xeyrinə edib. U-21 yığmasında çıxışının ardından Uilyams İspaniya yığmasının əsas heyətində debüt edib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib. Elə, bu bircə oyula da Uilyamsın İspaniya yığmasında çıxışı başa çatıb. Sonra isə Uilyams seçmini tarixi vətəni Qananın xeyrinə edib.

İnyaki Uilyamsın qənimətlər muzeyində “Atletik”lə qazandığı İspaniya Kral Kuboku (2023/2024) və 2 İspaniya Super Kuboku (2015/2016, 2020/2021) var.

“Transfermarkt” internet-portalı 29 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.