İqor Tudor “Latsio”da – Rəsmi

Xorvatiyadan olan futbol mütəxəssisi İqor Tudor İtaliyanın “Latsio” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

45 yaşlı mütəxəssis bir neçə gün öncə istefa vermiş italiyalı Mauritsio Sarrini əvəzləyib. Klubdan verilən ilk məlumatda İqor Tudorla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, İqor Tudorun sonuncu iş yeri Fransanın “Olimpik” (Marsel) klubu olub. O, 2022-ci ilin iyul ayında baş məşqçi təyin olunduğu Liqa 1 təmsilçisindən 2023-cü ilin iyununda ayrılmışdı. Xorvat məşqçi daha öncə İtaliyada “Verona”, “Udineze” kimi klubları da çalışdırıb. İqor Tudor “Hayduk” (Split), “Qalatasaray”, “Karabükspor”, PAOK kimi komandaların da baş məşqçisi olub.

Mauritsio Sarri isə 2021-ci ilin iyun ayından “Latsio”nun sükanı arxasında idi. 65 yaşlı mütəxəssisin “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Sarrinin “Latsio”nun sükanı arxasında ümumi statistik mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Hazırda “Latsio” İtaliya A Seriyasının yarış cədvəlində 29 oyundan 43 xalla 9-cu pillədə qərarlaşıb.