İran FIFA-nı İsraili beynəlxalq yarışlardan kənarlaşdırmağa səslədi

İran Futbol Federasiyası (FFIRI) FIFA-ya müraciət edərək, qurumun İsrailin beynəlxalq yarışlarda iştirakına qadağa qoymasını istəyib.

Arena.az bu barədə İran Futbol Federasiyasının rəsmi saytına istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, İran İsrailin Qəzza zolağında hərbi əməliyyatlar keçirməsinə qarşı olduğu üçün müvafiq müraciətlə çıxış edib. İran Futbol Federasiyasının müvafiq xüsusda bəyanatında bunlar qeyd olunub:

“Federasiya FIFA-ya məktub ünvanlayaraq İsrail futbolunu boykot etməyi tələb edib. İran FIFA və onun üzvü olan milli assosiasiyalara Fələstində həyata keçirilən qeyri-insani hərəkətlər və Qəzza zolağında hərbi cinayətlərin törədilməsi ilə bağlı, çağırışla müraciət edir. Şübhəsiz ki, FIFA və futbol assosiasiyalarının təxirəsalınmaz tədbirləri dünya futbol ictimaiyyətinin nizamnaməsinin sosial məsuliyyət sahəsində normalarının həyata keçirilməsinin rəmzinə çevriləcək”.

Xatırladaq ki, bundan əvvəl 12 Yaxın Şərq ölkəsi, Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlarla əlaqədar İsrail milli futbol komandasının yarışlardan kənarlaşdırılmasını dəstəkləmişdi. Bu ölkələrə Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Suriya və Yəmən daxildir.