İranın İspaniyadakı səfirliyi “Əl-Nəsr”ın superulduzu Kristiano Ronaldonun 99 şallaq cəzasına məhkum edildiyi haqda xəbərləri təkzib edib.
Arena.az məlumat verir ki, bu barədə İran İslam Respublikasının İspaniyadakı səfirliyinin “X” sosial şəbəkəsində müvafiq bəyanat verilib.
“Biz İranda ixtiyari beynəlxalq idmançıya qarşı hər hansı məhkəmə hökmünün çıxarılmasını qəti şəkildə rədd edirik. Narahatlıq doğurur ki, bu cür əsassız xəbərlərin dərci insanlığa qarşı cinayətlərə və məzlum Fələstin xalqına qarşı hərbi cinayətlərə kölgə sala bilər.
Vurğulayaq ki, Kristiano Ronaldo sentyabrın 18-də və 19-da rəsmi futbol oyununda iştirak etmək üçün İrana gəlib. O, xalq və hakimiyyət tərəfindən çox yaxşı qarşılanıb. Onun Fatimə Həmami ilə səmimi və insani görüşü də həm xalq, həm də ölkənin idman rəhbərliyi tərəfindən yüksək qiymət və rəğbətlə qarşılanıb”, – bəyanatda deyilir.
Xatırladaq ki, daha əvvəl Kristiano Ronaldonun Fatimə Həmamini qucaqlayaraq öpməsi müqabilində İranda 99 şallaq cəzasına məhkum edildiyi haqda saxta məlumat yayılmışdı.
Vurğulayaq ki, rəssam xanım Fatimə əlilliyi olan bir şəxsdir. O, həm də portuqal futbolçunun böyük pərəstişkarıdır. Məhz bu səbəbdən portuqal superulduzla görüş onun üçün çox şey ifadə edirdi.