İŞİD-dən Çempionlar Liqasının oyunlarında terror hədəsi

Terrorçu İŞİD (və ya hazırkı adı ilə İslam Dövləti) bu həftə Çempionlar Liqasının 1/4 final oyunlarında terror aktları törətməklə hədələyir.

Arena.az bu barədə İspaniyanın nüfuzlu “Marca” internet-nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hazırda Çempionlar Liqasının oyunlarının keçirilməsi planları qüvvədə qalır. Vurğulanır ki, çərşənbə axşamı, aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək. Bu iclasda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə dair müvafiq qərar veriləcək.

Xatırladaq ki, bu həftə “Real” və “Mançester Siti”, eləcə də “Arsenal” və “Bayern” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarını keçirəcəklər. Bundan əlavə, “Atletiko” (Madrid) – “Borussiya” (Dortmund) və PSJ – “Barselona” oyunları baş tutacaq.
“Real” – “Mançester Siti” oyunu Madriddə, “Arsenal” – “Bayern” oyunu isə Londonda baş tutacaq. Hər iki oyun bu gün keçiriləcək.