Bu yay İspaniyanın “Real” klubundan ayrılan İsko özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 30 yaşlı hücumameylli yarımmüdafiəçi bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. “Real”dan azad agent kimi ayrılan futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
İsko peşəkar karyerasına “Valensiya”da başlayıb. 2011-ci ildə bu klubdan ayrılan yarımmüdafiəçi, “Malaqa”ya transfer olunub. İki il bu komandada forma geyinən futbolçu, 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. Təcrübəli futbolçu Madrid təmsilçisində keçirdiyi 9 mövsüm ərzində 353 oyuna çıxıb, 53 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub.
İsko “Real”ın heyətində olduğu dönəmdə 19 kubok qazanıb. O, burada 5 dəfə UEFA Çempionlar Liqasının qalibi, 3 dəfə İspaniya çempionu olub. Yarımmüdafiəçi 2013-2019-cu illər aralığında oynadığı İspaniya yığmasında 38 oyuna çıxıb, 12 qol vurub.