“Real”ın və İspaniya yığmasının sabiq yarımmüdafisəçisi, ötən ilin dekabrında “Sevilya”dan ayrılmış İsko “Betis”lə müqavilə imzalayıb.
Arena.az bu barədə “Betis”in mətbuat xidmətinə istinadən məlumat verir.
“Betis”in baş məşqçisi Manuel Pelleqrininin təcrübəli yarımmüdafiəçi ilə əməkdaşlığa şəxsi maraq göstərdiyi bildirilir. 31 yaşlı İsko “Betis”lə bir mövsümlük – 2024-cü ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, İsko bir müddət futbolsuz qalıb. Yaxınlarda verdiyi açıqlamasında İsko son klubu “Sevilya”dan ayrılmasının pərdəarxası məqamlarını açaraq, klubu “Sevilya”nın sabiq idman direktoru Ramon Monçi ilə münaqişə nəticəsində tərk etdiyini bildirib. İsko “Sevilya”dan ötən ilin dekabrında ayrılıb.
Geridə qalmış 2022/2023 mövsümündə o, “Sevilya”nın heyətində 19 oyunda meydana çıxmağa macal tapıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
İskonun İspaniya yığmasında oyun təcrübəsi var, yarımmüdafiəçi 38 oyuna çıxaraq, 12 qol vurub.
“Transfermarkt” internet-portalı İskonu 5 milyon avro məbləğində qiymətləndirir.
“Betis” “Barselona”nın iki futbolçusunu – Aleks Kolyado və Çadi Riadı da heyətinə qatıb. Mərakeşdən olan 20 yaşlı Çadi satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. Mərakeşin U-23 yığmasının üzvü daha öncə “Sabadel”də də icarədə olub. O, Kataloniya təmsilçisinin əsas komandasında cəmi 1 oyuna çıxıb.
Aleks Kolyado isə “Barselona”dan azad agent kimi ayrılaraq “Betis”lə 6 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə bağlayıb. 24 yaşlı sağ cinah vingeri yetirməsi olduğu “Barselona”da cəmi 2 matça çıxıb. O, daha öncə icarə əsasında “Elçe” və “Qranada”da da oynayıb.