İspaniya çempion, İtaliya 3-cü oldu – Millətlər Liqasında!

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün final mərhələsinə – “Dördlər finalı”na yekun vurulub.

Arena.az xəbər verir ki, əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib.

Niderland ilə İtaliya yığmaları arasında baş tutan matç kifayət qədər məhsuldar alınıb. Beş qolun qeydə alındığı oyun İtaliya yığmasının qələbəsiylə yekunlaşıb. Nəticədə Roberto Mançininin komandası bürünc medallara sahib çıxıb. “Dördlər finalı”na ev sahibliyi edən Niderland isə final mərhələsinin ən zəifi olub.

Final qarşılaşması isə Xorvatiya və İspaniya milliləri arasında baş tutub. İspanlar yarımfinalda İtaliya yığmasını 2:1, xorvatlar isə Niderland millisini 4:2 hesabıyla məğlub edərək finala yüksəlmişdilər.

Həlledici qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda da hesab açılmadığı üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İspaniya millisi çempionluğu bayram edib.

Xatırladaq ki, bu, ispanların UEFA Millətlər Liqasında ilk belə zəfəridir. Bu komanda 2021 mövsümündə də finala yüksəlmiş, amma məğlub olduğu üçün gümüş medallarla kifayətlənmişdi.

UEFA Millətlər Liqasının əvvəlki qalibləri Portuqaliya (2019) və Fransa (2021) yığmalarıdır.

UEFA Millətlər Liqası
“Dördlər finalı”
18 iyun

3-cü yer uğrunda oyun

Niderland – İtaliya 2:3
Qollar: Stiven Berqveyn, 68. Corcinyo Veynaldum, 89 – Federiko Dimarko, 6. Davide Frattezi, 20. Federiko Kyeza, 72.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Enshede, “De Qrolş Veste” stadionu.

Final

Xorvatiya – İspaniya 0:0 (penaltilər 4:5)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Rotterdam. “De Kuip” stadionu.