İSPANİYA

İspaniya futbolu : Futbol İspaniyada ən məşhur idman növüdür. Ölkənin ali futbol qurumu İspaniya Futbol Federasiyasıdır. Bu qurum həm İspaniya milli komandasına rəhbərlik edir, həm də La Liqa və İspaniya Kral Kubokunun təşkilatçısıdır.

İspaniyada ən qədim futbol klubu 1889-cu il dekabrın 23-də Dr. Mackey və ingilis işçilər tərəfindən qurulan “Rekreativo” klubudur. “Ximnastik” klubunun 1886-ci ildə, “Sevilya” klubunun 1890-cı ildə qurulmasına baxmayaraq, “Ximnastik” 1914-cü ilə kimi, “Sevilya” isə 1905-ci ilə kimi aktual olaraq futbol komandası təşkil etməyib. İspaniyada ilk rəsmi futbol oyunu 1890-cı ilin martın 8-də Sevilyadakı Tablada Hippodrome ərazisində keçirilib. Bu oyunda “Rekreativo” “Sevilya”ya qarşı oynayıb. “Sevilya” həmin oyundan 2:0 hesabıyla qalib ayrılıb.

“Barselona” və “Real” həm milli liqada, həm də qitə turnirlərində kifayət qədər uğur qazanan ən məşhur İspaniya klublarıdır. “Real” 13 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Kubokunu qazanmış Avropanın ən nüfuzlu klubudur.

İspaniyanın La Liqadan sonrakı ən populyar turniri İspaniya Kral Kubokudur. Bu turnirin də maraqlı tarixçəsi var. İspaniyanın paytaxtı Madriddə bir neçə klub yaradılıb ki, bunlardan da ən önəmlisi 1902-ci ildə qurulmuş “Real”dır. Həmin ildə klubun sonrakı prezidenti Karlos Padros XIII Alfonzonun tacqoyma mərasimində yeni bir müsabiqə təklif edib. Belə ki, 4 komandadan ibarət “Copa del Ayuntamiento de Madrid”, indiki “Copa del Rey” (İspaniya Kral Kuboku) turnirinin keçirilməsi qərara alınıb. Turnirin ilk iştirakçıları isə “Barselona”, “Espanyol”, “Bizkaya” və “Real” klubları olub.

İspaniya futbolu barədə danışarkən bu ölkənin milli komandasını da xüsusi qeyd etmək vacibdir. İspaniya millisi Avropanın ən güclü komandalarından biri hesab olunur. İspanlar ilk dəfə 1964-cü ildə Avropa çempionu olublar. Bu ölkənin qitə birinciliyindəki son uğurları isə yaxın keçmişə təsadüf edir. Belə ki, 2008 və 2012-ci illərdə baş tutan Avropa çempionatlarında da uğur qazanan İspaniya millisi Almaniya yığmasıyla birgə qitə birinciliyinin ən titullu iki komandasından biridir. Dünya çempionatlarında isə İspaniya millisi cəmi bir dəfə ən güclü adını qazana bilib. Bu, DÇ-2010-a təsadüf edir.